Azərbaycanın Xalq artisti, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Fəxrəddin Kərimov Türkiyə və Rusiyada qastrolda olub.
Tanınmış dirijor martın 14-də Türkiyənin Antalya şəhərində Dövlət Simfonik Orkestrinin konsertini idarə edib. O, həyat yoldaşı pianoçu Yuliya Kərimova ilə birgə Türkiyə və Azərbaycanın dostluğuna həsr olunmuş gecədə bir səhnəni bölüşüb. Orkestin ifasında Fikrət Əmirovun fortepiano konserti, “Azərbaycan kapriççiosu” və Qara Qarayevin “Don Kixot” əsərləri alqışlarla qarşılanıb.
Martın 23-də isə Rusiyanın Ulyanovsk Simfonik Orkestri azərbaycanlı maestronun rəhbərliyi ilə “Mədəniyyətlərin qovşağında” adlı geniş konsert proqramı ilə çıxış edib. “Dünya, dövr, adlar...” beynəlxalq festivalı çərçivəsində reallaşan konsertdə rus klassikləri ilə yanaşı, dünyaşöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin əsərləri də səsləndirilib. Musiqisevərlər konsert proqramını böyük maraq və alqışlarla qarşılayıblar.