2016-cı ilin Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günü ilə əlaqədar Sabirabad rayonunun Şəhidlər xiyabanında abidəsi ziyarət olunub.
Anım tədbirində rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.
Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ilin 31 mart tarixində Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1991–1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. O daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Murad Mirzəyev ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edib. O, Amerikada “Ranger” kursunu bitirdikdən sonra Vətənə qayıdıb və Gəncə şəhərində "N" saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Sonralar isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub.
Murad Mirzəyev 2016-cı ilin Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.