“Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” mövzusunda XXI Moskva Konfransı keçirilib. Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən təşkil edilən, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Almaniya alimlərinin qatıldıqları hibrid formatlı konfransda (19-21 mart) Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova da məruzə edib.

Muzeydən bildirilib ki, “Zoom” platforması üzrə təqdim edilən “Şəmkir orta əsr şəhərgahının numizmatik tapıntıları” (rus dilində) mövzusunda məruzədə 2017-ci ildə Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru professor Tarix Dostiyevin Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fonduna təhvil verdiyi, Şəmkir şəhərgahında aşkarlanmış VIII–XIII əsrlərə (Abbasilər, Eldənizlər, Səlcuqlular, Gürcüstan) aid mis sikkələr barədə məlumat verilib.

Bildirilib ki, belə sikkələr qeyd olunan dövrdə Azərbaycanda pul təsərrüfatı və ticarət əlaqələri barədə qənaətlər əldə etməyə kömək edir. Məruzənin yekununda suallar cavablandırılıb və əməkdaşlıqla əlaqədar təkliflər səsləndirilib.