Bern şəhərinin "Yehudi Menuhin Forum" adlı məhşur konsert zalında ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspor birliyi tərəfindən Novruz bayramına həsr olunmuş geniş konsert proqramı təşkil edilib.

Gənc xanəndələr Mirələm Mirələmov, Rəvanə Qurbanova, tarzən Rövşən Qurbanov və kamançaçı, Əməkdar artist Toğrul Əsədullayevin ifasında milli musiqimizin inciləri səsləndirilib, "Ritm" rəqs qrupunun təqdimatında xalq rəqsləri nümayiş etdirilib. Konsertlə yanaşı, fotoqraf Andre Jabalinin təbiət gözəlliklərini tərənnüm edən sərginin açılışı olub.

Proqram Bernin tarixi meydanların birində Novruz tonqalı ətrafında həmvətənlərimizin və yerli sakinlərin birgə rəqsləri ilə yekunlaşıb.

Konsert, sərgi və tonqal ətrafında rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.