Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-də keçirilən "Golden Classical Music Awards” ("Qızıl Klassik Musiqi Mükafatları") müsabiqəsində violin ifaçılığı üzrə 1-ci yerə layiq görülüb.

O, müsabiqənin Nyu-York şəhərindəki məşhur Karnegi zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.

K.Məmmədzadə konsertdə solo violin üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.

Muğam-lad intonasiyası əsasında yazılan əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Müsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi professor Hökumə Əliyeva da mükafatlandırılıb.

Qeyd edək ki, "Qızıl Klassik Musiqi Mükafatları" Beynəlxalq Müsabiqəsi fortepiano, simli və nəfəs alətləri, habelə kamera musiqisi və vokal fənləri üzrə keçirilir. İştirakçılardan müsabiqəyə qatılmaq üçün ifalarının video və ya audio yazı materiallarını təqdim etmələri tələb olunur. Yaş məhdudiyyəti yoxdur.