Martın 31-də dünyanın ən böyük uşaq kitab sərgisi olan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə xüsusi stendlə təmsil olunur.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti sərgidə iştirak edir. Milli stenddə "Şərq-Qərb", "Libra Kitab", "Qələm", "Everest", "Təhsil, "Aspoliqraf", "Altun Kitab", "Qanun", "Ting", "Oskar", "Zəka Print", "Radius" kimi Azərbaycan nəşriyyatlarında azyaşlı oxucular üçün çap olunmuş 160-dan çox adda 200 nüsxədən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.

Ölkəmizin nümayəndə heyəti sərgi çərçivəsində bir sıra tədbirlərə qatılıb. Türkiyənin nümayəndə heyəti, eləcə də Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland kimi ölkələri təmsil edən nəşriyyat nümayəndələri, uşaq müəllifləri və illüstratorlarla işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Novruz bayramının timsalında milli adət-ənənələrimizin təqdimatı ilə bağlı tədbir təşkil olunub, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti haqqında sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilib.

Nazir müavini Fərid Cəfərov Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisinin Təşkilat komitəsinin rəhbəri Elena Pasoli ilə görüş keçirib. Görüşdə Bolonya Uşaq Kitab Sərgisi ilə Bakı Beynəlxalq Kitab Sərgisi arasında əməkdaşlıq, Bolonya sərgisinin təcrübəsindən Bakı sərgisində istifadə olunması, eləcə də gələcəkdə Azərbaycanın Bolonya Kitab Sərgisində fəxri qonaq qismində iştirak imkanları müzakirə olunub.

Aprelin 3-dək davam edəcək sərgidə Azərbaycan müəlliflərinin kitab təqdimatları, yerli naşirlərin müxtəlif ölkələrdən olan həmkarları ilə işgüzar görüşləri nəzərdə tutulub.