Mədəniyyət Nazirliyi teatrların regionlara qastrol səfərlərini 2025-ci ildə də davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Xurşidbanu Natəvan" tamaşasını Şəki Dövlət Dram Teatrının səhnəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nümayiş etdirib.
Teatrdan bildirilib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Tamaşada Xalq artistləri Məleykə Əsədova, Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Elnar Qarayev, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Elçin Əfəndi, Cavidan Novruz, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Rüstəm Rüstəmov və başqaları iştirak edirlər.
Tamaşa Şəki tamaşaçıları tərəfindən maraqla qarşılanıb.