20-27 mart tarixlərində Belarusun Mogilev şəhərində “M.@rt.kontakt – 2025” Beynəlxalq Gənclər Teatr Forumu keçirilir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu il 18-cisi gerçəkləşən forumda ilk dəfə iştirak edib.

Kollektiv forumda teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasını təqdim edib.

Tamaşa məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin eyniadlı pyesi əsasında 2024-cü ildə səhnələşdirilib və Xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. Əsl etiraf adlana biləcək əsər tamaşaçılara ailə münasibətlərinə daha fərqli bucaqdan baxmağa imkan yaradır.

“Kresloda əyləşən kişiyə sevgi etirafı” kişi-qadın münasibətlərinin tükənməz fəlsəfəsi üzərində qurulmuş pyesdir. Bu monoloq ötüb keçən gənclik, soyuyan hisslər, xəyanət, inciklik, deyilməmiş sözlər, etiraf edilməmiş fikirlərin etirafıdır. Əsər həmçinin bir ailənin ömür boyu davam edən həyat hekayəsidir.

Baş rolu Xalq artisti Natalya Şarovskayanın ifa etdiyi səhnə əsəri teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşanın dekorasiya üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya Olqa Arsentyevaya, işıq üzrə rəssamlıq Nikolay Rudıçevə məxsusdur.

Nümayişdən sonra çıxış edən Mogilyov Vilayət Dram Teatrının direktor müavini Veronika Yurgelas Azərbaycan kollektivinin forumda ilk iştirakını və təqdim etdiyi səhnə əsərini yüksək qiymətləndirib.

Xalq artisti Aleksandr Şarovski teatr sənətinin inkişafında, Azərbaycan və Belarus arasında mədəni körpülərin möhkəmləndirilməsində forumun əhəmiyyətini qeyd edib.