Azərbaycan Mətbuat Şurası Almaniya hökuməti tərəfindən maliyyələşdirilən “Doyçe Velle” ("Deutsche Welle" – "Alman dalğası") yayım platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı təqdim olunan sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirir, media qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirir.

Bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi “Doyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb: "Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir.

“Doyçe Velle”nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir. Belə qənaətə gəlmək olar ki, telekanal Avropanın və dünyanın ictimai rəyini yanlış yönləndirmək, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq istəyən qüvvələrin lokal maraqlarına xidmət niyyəti güdür. Media qurumunun saxtakarlığı, peşədən sui-istifadə təmayülü özünü Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma dini don geydirmək cəhdində də göstərir. Bu, məqsədyönlü şəkildə, erməni təbliğatçıların dili ilə dövriyyəyə buraxılmış, olduqca yanlış və təhlükəli yanaşmadır. 

Azərbaycan Mətbuat Şurası yaxın keçmişin xoşagəlməz təcrübəsinə əsaslanaraq, bütövlükdə Almaniya və Qərb mediasının Cənubi Qafqazda sabitliyin, asayiş və firavanlığın formalaşmasına maneçilik törətmə ehtimalı böyük olan hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayır, jurnalistika prinsiplərinə sadiqliyi regionun hazırkı həssas durumuna adekvat münasibət göstəricisi hesab edir.

Mətbuat Şurası bir daha “Doyçe Velle”nin qeyri-peşəkar fəaliyyət tərzindən təəssüfləndiyini bildirir. Bu fəaliyyət qəbuledilməz yanaşmadır və regionda sülh gündəliyinə ciddi zərbədir. Media orqanını Azərbaycan və Ermənistan arasında yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmağa, əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyə, obyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırır".

***

Qərbi Azərbaycan İcması da “Alman dalğası” (“Doyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən martın 30-da efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyən bəyanat yayıb. Bəyanatda bu verilişin jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurduğu diqqətə çatdırılır. 

"Verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli yanaşma sərgiləyir. Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəsdən olunur.

Xatırladaq ki, bundan əvvəl fransız-alman “Arte” ictimai yayımçısı da azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi.

Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Doyçe Velle”nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Doyçe Velle” nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir", – deyə bəyanatda vurğulanır.