Mərakeşin paytaxtı Rabatda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar litvalı kinorejissor Aleksandras Brokasın “Sonsuz dəhliz” (Endless corridor) filmi nümayiş etdirilib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək göstərdiyi filmin nümayişi Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi və bu ölkənin Audiovizual və kino peşəsi üzrə Ali İnstitutunun (ISMAC) birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib ki, səfir Nazim Səmədov əvvəlcə Xocalı soyqırımına dair ətraflı məlumat verib, ermənilər tərəfindən törədilmiş bu qətliamın xalqımızın tarixinin ən faciəli səhifələrindən biri olduğunu qeyd edib. Səfir 30 ilə yaxın davam etmiş erməni işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduğunu, Xocalı da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın tam sürətlə davam etdiyini vurğulayıb. O, eyni zamanda artıq 19 ölkənin və bir sıra beynəlxalq təşkilatların Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıdığını bildirərək bu istiqamətdə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında da məlumat verib.

Sonra çıxış edən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mohamed Fakiri Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun oynadığı əhəmiyyətli roldan danışıb.

ISMAC-ın direktoru Hakim Belabbes bu kimi tədbirlərin Mərakeş ictimaiyyətinin Azərbaycanın tarixinə, keçdiyi yola və üzləşdiyi çətinliklərə dair daha geniş məlumat almasına, xalqlar arasında körpülərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Rejissor A.Brokas dünyanın şahidi olduğu çoxsaylı insan faciələrindən birini əks etdirən bu filmin təkcə itkilər və iztirablar haqqında deyil, həm də insan ruhunun möhkəmliyini və barışığa olan ehtiyacını nümayiş etdirdiyini diqqətə çatdırıb. O, həmçinin 2014-cü ildə Britaniya Film Festivalında “Sonsuz dəhliz” filminin ilk dəfə beynəlxalq nümayişindən sonra bir sıra beynəlxalq mükafatlar qazanmasının və beş il ardıcıl olaraq nüfuzlu “Əl-Cəzirə” kanalında yayımlanmasının bu faciə ilə bağlı məlumatlılığın artmasına töhfə verdiyini qeyd edib.

Filmin nümayişinin ardınca rejissor A.Brokas xüsusilə kino peşəsinə yiyələnməkdə olan ISMAC-ın gənc tələbələrinin suallarını cavablandırıb, filmin ərsəyə gəlməsindən bəhs edərək Xocalı faciəsinə dair əlavə faktları diqqətə çatdırıb.