Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Akif Marifli Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında direktor Umida Teşabayeva ilə görüşüb.

Mərkəzdən bildirilib ki, Umida Teşabayeva rəhbərlik etdiyi kitabxananın AMM ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, Mədəniyyət Mərkəzinin layihəsi olan Milli Kitabxanada fəaliyyət göstərən Azərbaycan guşəsi özbək oxuculara qardaş ölkə, onun mədəniyyəti, incəsənəti, tarixi ilə daha da yaxından tanış olmaq imkanı yaradır.

AMM-in direktoru Akif Marifli Azərbaycan xalqının qədim zamanlardan yüksək kitabxana işi və kitab oxuma mədəniyyətinə malik olduğunu, ədəbi yaradıcılığa xüsusi ehtiramla yanaşdığını, onu qiymətli sərvət kimi qoruduğunu qeyd edib. O bu gün də Azərbaycanda əlyazma nümunələrinin toplanılması, qorunub saxlanılması, öyrənilməsi və təbliğinə böyük önəm verildiyini, hər il beynəlxalq kitab sərgilərinin keçirildiyini, burada mütaliə mədəniyyətinin təbliğ olunduğunu, yazıçı və oxucuların görüşləri üçün platformanın yaradıldığını bildirib.

Görüşdə daha sıx əməkdaşlıq, tədbirlərin, təqdimat və layihələrin həyata keçirilməsi, sözügedən kitabxana ilə Azərbaycan kitabxanaları arasında əlaqələrin yaradılması, kitabxana fondunun zənginləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Sonda AMM tərəfindən Özbəkistan Milli Kitabxanasına Azərbaycan mədəniyyəti, dili, tarixi, ədəbiyyatı və s. mövzulara aid 500-dən çox kitab hədiyyə edilib.