Kanadanın Monreal şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş “Firəngiz Əlizadə günləri” keçirilib.

“Molınarı” kvartetinin təşəbbüsü ilə keçirilən tədbir çərçivəsində Monreal Konservatoriyasının tələbələri ilə ustad dərsləri, mətbuat konfransı, yekunda isə Firəngiz Əlizadənin kvartetlərinin tam toplusundan ibarət konsert olub.

Tədbirdə əvvəlcə çıxış edən fransız jurnalist Jan Portuqeis novator bəstəkar Firəngiz Əlizadənin yaradıcılığından söz açıb.

Konsert Firəngiz Əlizadənin məşhur “Rəqs” əsəri ilə başlayıb. Bəstəkarın Amerika kvarteti - "Kronos" üçün "50 for Future" layihəsi çərçivəsində yazdığı bu əsər dünyanın bir çox kvartetlərinin və kamera orkestrlərinin repertuarına daxil olub.

Sonda bəstəkarın müasir kvartet musiqisinin ən çox ifa olunan əsərlərindən birinə çevrilmiş "Muğamsayağı" səslənib.

Qeyd edək ki, konsertdə Firəngiz Əlizadənin “Molınarı” kvartetinin sifarişi ilə yazdığı yeni əsərinin "Farewell" (“Əlvida”) kvartetinin dünya premyerası reallaşıb. Kvartetin birinci violin ifaçısı Olga Ratzenhofer Firəngiz Əlizadə kimi nadir bəstəkarın onların kvartet qrupu üçün yeni əsər yazmasından qürur duyduğunu diqqətə çatdırıb.