Azərbaycan Milli İncəsənət Muzeyində hər həftənin çərşənbə günü musiqisevərlərin görüşünə gələn “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin 2025-ci ildə qeyd edilən 140 illik yubileyinə həsr olunub.
Beynəlxalq Muğam Mərkəzi tərəfindən təqdim edilən konsert proqramında Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə Cahangir Cahangirov adına Xor kollektivi və solo ifaçilar tərəfindən "Leyli və Məcnun" operası, "Arşın mal alan" musiqili komediyasından fraqmentlər, eləcə də görkəmli sənətkarın digər ölməz musiqi əsərləri səsləndirilib.
Konsertdə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin rol aldığı pantomim tamaşada "Leyli və Məcnun" operasının obrazları canlandırılıb. Üzeyir Hacıbəylinin Azərbaycan və dünya musiqi mədəniyyətini zənginləşdirən əsərlərinin yer aldığı proqramı dinləyicilərin alqışları ilə müşayiət olunub.