Fevralın 21-də Ankarada, TÜRKSOY-un qərargahında “Bəxtiyar Vahabzadə İli”nin açılış mərasimi keçirilib.
Milli ədəbiyyatımızın görkəmli nümayəndəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirə Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və TRT tərəfindən təşkilati dəstək verilib.
Tədbirdə TÜRKSOY-un, iki qardaş ölkənin müvafiq nazirliklərinin rəsmilərı, diplomatlar, elmi və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim Elnarə Kərimovanın rəhbərliyi ilə TRT-nin Ankara radiosu xorunun çıxışı ilə başlayıb. Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Ana torpaq” və “Azərbaycan-Türkiyə” kompozisiyaları ifa olunub.
Tədbir çərçivəsində ədibin kitablarından ibarət sərginin açılışı olub. Azərbaycan Milli Kitabxanasının səyləri ilə yaradılmış sərgi Bəxtiyar Vahabzadə yaradıcılığının pərəstişkarlarında böyük maraq doğurub.
TÜRKSOY baş katibinin müavini Sayit Yusuf təşkilatın rəhbəri Sultan Rayevin təbrik məktubunu oxuyub.
Sonra çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bəxtiyar Vahabzadə yaradıcılığının təbliğinə verdiyi töhfəyə görə TÜRKSOY-a təşəkkürünü bildirib.
Nazir müavini Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ədəbiyyata və incəsənətə qayğı göstərdiyini deyib, Ulu öndərin sərəncamı ilə Bəxtiyar Vahabzadənin 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
Fərid Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bəxtiyar Vahabzadənin 100 illiyi haqqında sərəncam imzalandığını və il ərzində şairin yubileyinin geniş şəkildə qeyd olunacağını bildirib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam çıxışında Bəxtiyar Vahabzadənin yaşayıb-yaratdığı tarixin çətin dövrünə diqqət çəkib.
Ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov Bəxtiyar Vahabzadənin fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətini vurğulayıb və dövlətin görkəmli ziyalı nümayəndələrinin irsinin təbliğinə bundan sonra da töhfə verməyə hazır olduğunu bildirib.
Daha sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film təqdim olunub.
Xalq şairi Sabir Rüstəmxanlı, Qafqaz Universitetinin (Qars) professoru Mihah Durmuş, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini professor Əlizadə Əsgərli və Ankara Universitetinin dosenti Riza Heyetin iştirakı ilə panel müzakirələri olub.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazasının təqdimatı da olub.
Xalq artisti Mələkxanım Əyyubovanın və instrumental heyətin ifasında təqdim olunan bədii proqram alqışlarla qarşılanıb.