Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbirin məqsədi Qərbi Azərbaycanın folkloru, musiqisi və ifaçılıq sənəti kimi milli dəyərləri, habelə kulinariya ənənələrini və mədəni irsin digər elementlərini gənc nəslə çatdırmaqdır.
Seminar çərçivəsində mütəxəssislər bu mövzuda mühazirələr oxuyub, tədqiqat işlərini təqdim ediblər.
Musiqili proqramla müşayiət olunan tədbirdə “İrəvan” ansamblının ifasında aşıq musiqisi, bəstəkarların əsərləri, xalq mahnıları, eləcə də folklor nümunələri səsləndirilib.
Tədbirin aparıcılarından sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirəzqızı Azərbaycan folklorunun xalqımızın çoxəsrlik tarixində mühüm rol oynadığını qeyd edib: "Bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq mənəvi borcumuzdur".
O vurğulayıb ki, Qərbi Azərbaycanda bir çox görkəmli şəxsiyyətlər doğulub boya-başa çatıb, onlar Azərbaycan elminin və mədəniyyətinin inkişafına böyük töhfələr veriblər. Qərbi Azərbaycan mövzusu bu gün dövlətimiz üçün prioritet məsələlərdən biridir. Prezident İlham Əliyevin Azərbaycan təsviri sənətinin banilərindən biri Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncamı da bunun təsdiqidir.
Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli də mövzunun aktuallığı barədə danışıb: “Sözsüz ki, bu məsələ bir neçə səbəbə görə son dərəcə vacibdir. Qərbi Azərbaycan ərazisi ayrıca bölgə deyil, vahid Azərbaycanın etnomədəni sisteminin bir hissəsidir. Bu dəyərləri öyrənmədən vahid Azərbaycan mədəni dəyərlərindən danışmaq mümkün deyil”.
İdarə heyətinin sədri deyib: “Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Cəlil, Ağbabalı Aşıq İsgəndər kimi görkəmli ustadları tanımadan Azərbaycan aşıq sənəti haqqında necə danışmaq olar, yaxud Dərələyəz, Ağbaba yallılarından bəhs etmədən xalq rəqs sənətindən necə söhbət gedə bilər?”.
O, diqqətə çatdırıb ki, xalqın mədəniyyəti özünün bütün formalarında, o cümlədən qastronomiyada təcəssümünü tapır və bu da o deməkdir ki, Qərbi Azərbaycanda yaranmış ənənəvi reseptləri nəzərə almadan Azərbaycan mətbəxini tam şəkildə öyrənmək mümkün deyil.