21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). Əlamətdar gün 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.
Milli Kitabxanada 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Ulu öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti haqqında fikirlərindən, Prezident İlham Əliyevin dil siyasəti, Ana dili haqqında aforizmlər, sənədlər, dilçiliklə bağlı tədqiqatlar, dövri mətbuatda çap olunan məqalələr yer alıb.
Virtual sərgi ilə https://anl.az/el linkindən istifadə edərək tanış olmaq mümkündür.
Ənənəvi kitab sərgisində isə Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixindən, Azərbaycan dilinin dövlət dili kimi inkişafı istiqamətində Ümummilli lider Heydər Əliyevin mübarizəsindən, Azərbaycan dilinin poetikası, bəzi dilçilik məsələləri, həmçinin dilin tədrisi, dünya dilləri haqqında tədqiqatlar, fransız, italyan, alman, latın, rus dillərində lüğətlər, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, monoqrafiyalar, dərsliklər, elmi əsərlərin toplusu nümayiş olunur. Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.
***
Respublika Gənclər Kitabxanasında isə Beynəlxalq Ana Dili Günü münasibətilə biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Materiallarda əlamətdar günün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir.
Virtual sərgidə ana dili sahəsində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapıb. Materiallarda akademik Nizami Cəfərovun “Dilin tarixi” məqaləsinin tam mətni, görkəmli şəxslərin dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dildən dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil güzgüsündə”, “Azərbaycanşünaslıq məsələləri” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələrinin siyahısı yer alıb.
Materiallarla kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.