
Xəbər verildiyi kimi, Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə medal təsis edilib. Bununla bağlı fevralın 3-də Milli Məclis tərəfindən müvafiq qanun qəbul olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan qanun fevralın 20-də dərc edilərək qüvvəyə minib.
Qanunla yubiley medalı haqqında əsasnamə və medalın təsviri də təsdiq edilib.
Əsasnaməyə görə, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Prezident İlham Əliyev fevralın 20-də “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 3 fevral tarixli 132-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.
Fərmanla “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoruna verilib.
***
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı;”.
Maddə 2. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2025-ci il
***
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2025-ci il 3 fevral tarixli Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.