6-7 fevral tarixlərində Omanın Məsqət Kral Opera Teatrında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirilib.

Həmyerlimiz, görkəmli baletmeyster, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Eldar Əliyevin quruluş verdiyi səhnə əsəri omanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Rusiyanın Mariinski Teatrı Primorsk səhnəsinin balet truppası, bu teatrın simfonik orkestri və xoru çıxış edib.

Qeyd edək ki, bu, Azərbaycan baletinin Məsqətdəki Kral Teatrının divarları arasında ilk tamaşası idi. Onu da bildirək ki, “Min bir gecə” baletinin yeni quruluşu 2025-ci ilin əvvəlində Rusiyanın teatr əsərlərinin “Qızıl fond”u müsabiqəsində ölkənin 300 ən yaxşı tamaşası sırasına daxil edilib. Primorsk səhnəsinin (Vladivostok) balet truppası baleti Yaxın Şərqdə ilk dəfə 2023-cü ilin dekabrında Qətərin paytaxtı Dohada təqdim edib.

Tamaşada Primorski səhnəsinin aparıcı solistləri Anna Samostrelova, İrina Sapojnikova, Liliya Berejnova, Viktor Mulıgin, Sergey Umanets, Lada Sartakova, Şizuru Kato, Saki Nişida, Yuri Zinnurov, Sergey Amanbayev, Denis Klepikov, Aleksandralim Ştelmak, Alexandralim Ştelmak çıxış ediblər. Soprano partiyası Samirə Qalimova və Anastasiya Kikot tərəfindən böyük ilhamla ifa olunub. Ramin Əzimov və Nadejda Medvedeva Azərbaycanın milli aləti tarda məharətlə ifa ediblər.

Tamaşadan sonra Oman Kral Opera Teatrının baş direktoru Umberto Fanni, Azərbaycan Respublikasının Omandakı səfiri Rəşad İsmayılov, məşhur italyan prodüseri Roberto Giavinardi azərbaycanlı dirijoru və baletin bütün iştirakçılarını uğurlu ifa münasibətilə təbrik ediblər.