Fevralın 17-də tanınmış teatr rejissoru, Əməkdar artist Vəli Babayevin anadan olmasının 80 illiyi tamam olur. O, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan və dünya ədəbiyyatından çoxsaylı əsərlərə səhnə həyatı verib.

Vəli Allahverən oğlu Babayev 1945-ci ildə Naxçıvan şəhərində adan olub. Məktəbli illərindən səhnə sənətinə maraq göstərib. Orta məktəbi bitirdikdən sonra bir müddət Naxçıvan teatrının yardımçı heyətində fəaliyyət göstərib. Daha sonra arzularının ardınca paytaxta üz tutub. 1962-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsinə (Rza Təhmasib və Mehdi Məmmədovun sinifləri) qəbul olunub. 1966-cı ildə təhsilini başa vuraraq təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib.

Həmin ilin noyabr ayında burada rejissor olaraq ilk dəfə Georgi Mdivaninin "Konsulu oğurladılar" əsərinə quruluş verir. Onun rejissor kimi debütü uğurlu alınır. Tamaşa teatr ictimaiyyəti və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanır.

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov rejissor haqqında araşdırmasında yazır ki, Vəli Babayev Bakıda təhsil aldığı dövrdə ilk müstəqil işləri olaraq Fridrix Şillerin “Qaçaqlar” faciəsinə quruluş verib. Daha sonra İlyas Əfəndiyevin “Bir parça səma” hekayəsini səhnələşdirib.

Vəli Babayev 1972–1974-cü illərdə Mоskvada M.Qorki adına Akadеmik Bədayе Tеatrında görkəmli rеjissоr və aktyоr, SSRİ Xalq artisti Оlеq Yеfrеmоvun iхtisasartırma kursunda bilik və təcrübəsini zənginləşdirir. Naxçıvana qayıdan rejissor dоğma tеatrına baş rеjissоr təyin olunur.

Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estetik prinsipləri ilə səsləşib. O, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika xüsusiyyətləri ilə cəsarət və məharətlə birləşdirməyə nail olub. Həmin cəsarətli sənət axtarışları baxımından onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının "Yaşar" (1967) və "Od gəlini" (1970), Nazim Hikmət və Vera Tulyakovanın "Kor padşah" (1968), Lope de Veqanın "Nə yardan doyur, nə əldən qoyur" (1974), Cəlil Məmrnədquluzadənin "Dəli yığıncağı" (1975), Avksenti Saqarelinin "Tiflis yengələri" ("Xanuma", 1976), Anarın "Adamın adamı" (1977), Rüstəm İbrahimbəyovun "Yaşıl qapı arxasında qadın" (1978), Karlo Koldoninin "Məzəli hadisə" (1979) Çingiz Aytmatov və Koltay Məhəmmədcanovun "Fudzi dağında qonaqlıq" (1981), Hüseyn Cavidin "Şeyx Sənan" (1982), Orxan Kamalın "Yad qızı" (1983), Aleksandr Puşkinin "Qaraçılar" (1984), Rəsul Rzanın "Bir gün də insan ömrüdür" (1987) və s. əsərlərə verdiyi səhnə quruluşlarıdır.

Rejissor İrəvan Dövlət Azərbaycan Dram Teatrında və Lənkəran Dövlət Dram Teatrında da bir sıra əsərlərə quruluş verib.

Vəli Babayev Naxçıvan teatrının tarixində milli və tərcümə əsərlərinə verdiyi maraqlı quruluşlarla yanaşı, əsasən Türkiyə dramaturq və yazıçılarının əsərlərinə də doğma teatrın səhnəsində ilk dəfə müraciət edən bir rejissor kimi yaddaşlarda yaşayır. Eyni zamanda o, yerli müəlliflərin də bir neçə pyesinə ilk səhnə həyatı verib. Azərbaycan teatrı tarixində isə Vəli Babayev C.Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinə yazıldığı vaxtdan ilk dəfə olaraq 1975-ci ildə məhz Naxçıvan teatrında səhnə həyatı verməsi ilə özünəməxsus bir səhifə açıb. Bu sənət hadisəsindən üç il sonra, 1978-ci ildə həmin əsər Bakıda, Akademik Dram Teatrda SSRİ Xalq artisti Mehdi Məmmədov tərəfindən tamaşaya qoyulub.

Rejissorun yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1974-cü ildə, 29 yaşında respublikanın "Əməkdar artist"i fəxri adına layiq görülən az sayda sənət adamlarındandır.

Vəli Babayev yaradıcılığının ən bəhrəli çağında, 1989-cu ilin 23 yanvar tarixində, 44 yaşında vəfat edib. O bu qısa ömründə 50-dən artıq səhnə əsərinin quruluş müəllifi kimi tanınıb.  

Mərhum rejissorun 80 illiyi münasibətilə bu günlərdə ailəsi tərəfindən videomaterial hazırlanıb. Materialda onun sənətdə və yaddaşlarda silinməz iz qoyduğu vurğulanır. https://www.youtube.com/watch?v=BE0d9OQrxtY linkinə keçid etməklə videomaterialı izləmək olar.

  

Hazırladı: F.Yunisli