Fevralın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Tamaşanı Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, elm, ədəbiyyat və mədəniyyət xadimləri, sənətsevərlər izləyiblər.

Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi birhissəli tamaşanın quruluşçu rəssamı Gennadi Skoromoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

Səhnə əsərində Xalq artistləri Əli Nur, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov rol alıblar.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Kamal Abdullanın 2006-cı ildə çapdan çıxan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbi tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi əsər paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxması və burada yaşamasından, Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının faciə ilə bitən sirli görüşündən bəhs edir...

Xatırladaq ki, səhnə əsəri bu gün də (16 fevral saat 19:00) nümayiş olunacaq.