AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə müzakirə olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə böyük şairin 190 illiyinə dair Tədbirlər planını hazırlayaraq həyata keçirilməsi tapşırılıb. Sərəncam Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur.

Rəyasət Heyəti tərəfindən Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb.

***

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə də baxılıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində Humanitar Elmlər Bölməsi tərəfindən Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın layihəsi hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib.

Tədbirlər planında “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal”, “Bəxtiyar Vahabzadənin poeziyasında ana dili sevgisi”, “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması”, “Bəxtiyar Vahabzadə və Türk dünyası”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” və s. mövzularda seminar, konfranslar, dəyirmi masaların təşkili, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş xüsusi buraxılışının nəşri, Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu ilə bağlı mətbuatda elmi-publisistik yazıların dərc olunması, “Bəxtiyar Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyası və s. nəşrlərin çapı əksini tapıb.

Rəyasət Heyətinin qərarı ilə Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.