Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə 2 nömrəli xüsusi internat məktəbinin eşitmə və nitq qüsurlu uşaqların Qobustan Milli Tarix-Bədii Qoruğuna  ekskursiyası təşkil olunub.

Tədbir F.Köçərli adına Respublka Uşaq Kitabxanası  və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Ekskursiyanın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsimizlə yaxından tanış olmasını təmin etmək, onlarda tarixi abidələrə və milli dəyərlərə maraq yaratmaq, həmçinin inklüziv təhsil və mədəni maarifləndirməni təşviq etməkdir.

Ekskursiya zamanı uşaqlar Qobustan qoruğunun ərazisindəki qayaüstü rəsmlərlə, qədim yaşayış məskənləri, daş kitabələr və muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Onlara bu unikal abidələrin tarixi əhəmiyyəti, tədqiqat prosesi və qorunması barədə ətraflı məlumat verilib.

Ekskursiya boyunca bələdçinin təqdimatlarını işarə dili üzrə tərcüməçi və təlimçilər Şamil Sabirzadə, Könül Quliyeva tərcümə ediblər. Bu da uşaqlara təqdim olunan məlumatları daha rahat və əhatəli şəkildə qavramalarına şərait yaradıb.

Tədbir həm maarifləndirici, həm də əyləncəli formatda keçib. Uşaqlar interaktiv təqdimatlarda iştirak edib, suallar verərək tarixi faktlarla yaxından tanış olublar.