Milli Kitabxanada Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair-dramaturq, Əməkdar incəsənət xadimi Xanımana Əlibəylinin (20.4.1920 – 7.5.2007) anadan olmasının 105 illiyi və tanınmış folklorşünas, filologiya elmləri doktoru Azad Nəbiyevin (20.4.1945 – 13.2.2012) 80 illik yubileyi ilə əlaqədar kitab sərgiləri təşkil edilib.

Kitabxanadan verilən məlumata görə, “Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli” adlı sərgidə müəllifin əsərləri, tərcümə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, jurnal və dövri mətbuat materialları, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

“Professor Azad Nəbiyev – 80” adlı sərgidə isə alimin tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, tərcümələri, tərtibçisi, redaktoru, rəyçisi və məsləhətçisi olduğu, ön söz yazdığı kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar təqdim edilir.