Xəbər verdiyimiz kimi, 20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmi şəxslər, tanınmış mədəniyyət xadimləri, sənətsevərlər iştirak ediblər.

Qala konsertdən əvvəl nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb.

Sonra səhnə incəsənət ustalarına verilib.

İlk olaraq “Qarabağ" orkestri “Dostluq kompozisiyası”nı təqdim edib.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “Fantaziya", “Nəlbəki”, “Qaytağı”, "Uzundərə" rəqsləri tamaşaçıların könlünü fəth edib.

Konsertdə tanınmış və gənc ifaçılarımız Azərbaycan və qırğız bəstəkarının əsərlərini səsləndiriblər.

Təntənəli gecə Nərgiz Kərimova, Fatimə Cəfərzadə və Xəyyam Mustafazadənin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı  (sözləri Nəbi Xəzrinin) ilə sona çatıb.