Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin (1945–1994) 80 illiyi münasibətilə aprelin 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı keçirilib.
Əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova bəstəkarın yaradıclığından söz açıb, konsertdə səslənəcək əsərlər barədə məlumat verib.
Proqramda Leonid Vaynşteynin xor və simfonik əsərləri yer alıb.
Konsertdə Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın yaradıcısı olduğu Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə) çıxış edib.
Sonda Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru birlikdə bəstəkarın “Azərbaycan, sənin yazın gələr” mahnısını ifa edib.