Xalq şairi Zəlimxan Yaqubun məqalə, poema və şeirlərin toplandığı “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb.

Kitab 2008-ci ildən 2016-cı ilədək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etmiş Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunub.

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun kitaba yazdığı ön sözdə qeyd edildiyi kimi, aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıq şairin yaradıcılığında mühüm yer tutur: “Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır”.

Kitabda şairin aşıq sənəti və ustad sənətkarlarla bağlı yazdığı məqalələr, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, eləcə də, bu sənətə və ustad sənətkarlara həsr etdiyi şeir və poemaları yer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab aşıq sənətinin tədqiqi və tədrisi ilə məşğul olan mütəxəssislər, aşıqlar, eləcə də bu sənətə maraq göstərən, ali və orta ixtisas məktəblərində müvafiq ixtisasa yiyələnən gənclər üçün də əhəmiyyətlidir.

Kitabı nəşrə hazırlayan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi məsləhətçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçi filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.