Aprelin 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Simli Kvartetinin “Kamera musiqisi axşamı” adlı konserti keçirilib.
Proqramda S.Barberin simli kvartet b-moll (op.11) və F.Şubertin 14 saylı simli kvartet, “Ölüm və qız”, d-moll əsərləri səsləndirilib.
Hər iki əsərin həm səslənmə, həm də texnika baxımdan mürəkkəb olmasına baxmayaraq ifaçılar çox asanlıqla onların öhdəsindən gəlməyi bacarıblar.
Bütün bu deyilənləri musiqi həvəskarlarının uzun zaman susmayan gurultulu alqışları bir daha sübut edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir. Simli kvartetin tərkibi respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Əməkdar artistlər Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi tanınmış ifaçılardan ibarətdir.