Beynəlxalq Muğam Mərkəzində kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin iştirakı ilə "Kamançanın sehri" adlı konsert təşkil edilib.

Aprelin 14-də keçirilən konsert akademik Rafael Hüseynovun müəllifi olduğu “Axşam görüşləri” radio verilişinin Toğrul Əsədullayevə həsr olunan buraxılışının təqdimatı ilə başlanıb. Həmçinin ifaçı haqqında filmdən parça nümayiş olunub.

Konsertdə hər bir ifanın əhvali-ruhiyyəsinə, musiqinin ladına uyğun poeziya nümunələri səslənib. Bədii qiraətçi Xəzər Süleymanlının təqdimatında notlarla həmahəng şeirlər gecəyə xüsusi rəng qatıb.

Proqramda Fikrət Əmirov, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Rauf Hacıyev və digər görkəmli bəstəkarların əsərləri ilə yanaşı, caz improvizələri də səsləndirilib.

Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayev də oğlu ilə bir səhnəni bölüşüb.

Həsən Rzayevin “Çahargah rapsodiyası” ilə yekunlaşan proqramın sonunda Toğrul Əsədullayev tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür edib.