18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda “açıq qapı” aksiyası keçirilib. Aksiya çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət mərkəzi ilə birgə tədbir təşkil olunub.
Tədbirdə regional idarənin Ağsu rayonu üzrə nümayəndəsi Orxan Ağayev, rayon ümumtəhsil məktəbləri və musiqi məktəbinin müəllim və şagird kollektivi, Bakı, Şamaxı və ətraf rayonlardan turistlər, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri iştirak ediblər.
İştirakçılar üçün Orta əsr Ağsu şəhəri abidələrinə ekskursiya, tarixçi, rəssam və bərpaçılarla görüş keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümovun "Tarixi-memarlıq abidələrimiz: işğal dövründə və Vətən müharibəsindən sonra" mövzusunda seminarı təşkil edilib. Ağsu qoruğunun baş fond mühafizi, heykəltəraş Vüqar Quliyevin və rəssam İslam İsrafilovun ustad dərsi də maraqla qarşılanıb.
Tədbirin bədii proqramında Ağsu rayon Uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblının və şagirdlərin ifasında musiqi parçaları səsləndirilib.