Çoxəsrlik tarixə malik olan Azərbaycan mədəniyyətinin yeni ideya və müasir yanaşmalar əsasında inkişafının təmin edilməsi dövrün tələbidir. Maddi və qeyri-maddi mədəniyyət nümunələrinin geniş auditoriyaya çatdırılması, təbliği və sahəyə marağın artırılması bu fəaliyyətin əsasını təşkil edir.

Bu xüsusda, sahə üzrə digər qurumlarla bərabər, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) üzərinə mühüm vəzifələr düşür. Yaradıcı məzmunlu layihələrin həyata keçirilməsi də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin başlıca fəaliyyət istiqamətləri sırasındadır.

8-12 aprel tarixlərində Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan “Mədəniyyət rüzgarı” adlı tədbirlər proqramı məhz bu qəbildəndir. 

***

Gəncə Dövlət Universiteti (GDU) ilə birgə 8 apreldə təşkil edilən “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar proqram üzrə gerçəkləşən ilk tədbir olub.

GDU rektorunun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov seminar iştirakçılarını salamlayaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində keçirilən seminarın məqsədinin milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.

GDU-nun “Musiqi fənləri” kafedrasının müdiri Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, kafedranın baş müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova və Nüşabə Seyfullayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə mövzularla bağlı araşdırmalarını video materiallar və musiqi nömrələri ilə təqdim ediblər.

Elmi-praktiki seminar Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə reallaşıb.

***

Proqram çərçivəsində növbəti tədbir Fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri olub. 9 aprel tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib.

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ustad dərslərinin keçirilməsində əsas məqsəd regionda yerləşən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün yenilənmiş tədris metodikasının tətbiqi, şagirdlə dərs zamanı diqqət edilməli əsas məqamlar, onların peşəkar inkişafı üçün göstərişlərin verilməsi və siniflər üzrə düzgün repertuar seçiminin təşkil olunmasıdır.

Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində ustad dərsləri Əməkdar artist İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədovanın iştirakı ilə gerçəkləşib.

***

Mərkəzin “Sənətkarın dostu” layihəsi də növbəti görüşünü Gəncədə təşkil edib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə 9 apreldə layihənin qonağı Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri, xanəndə Teyyub Aslanov olub. Görüş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə baş tutub.

Teyyub Aslanov muğam sənətinin tarixi, inkişaf mərhələləri, gənclər arasında təbliği, metodoloji əsaslı tədrisdən söhbət açıb və tələbəsi Ramil Hümbətli ilə birlikdə “Bayatı-şiraz” muğam dəstgahını ustad dərsi formatında təqdim edib. Onları kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Ruslan Zərbalıyev müşayiət edib.

Gəncə şəhəri, Goranboy, Samux rayonlarının Uşaq musiqi məktəblərinin şagirdləri İlahə Mehdiyeva, Rəvan Ağayev, Elxan Babazadə və Hüseyn Qələndərlinin ifasında müxtəlif muğam parçaları səslənib.

***

Silsilə tədbirlər çərçivəsində MEMİM-in təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə 10 apreldə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.

Təlim kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə reallaşıb. 

Milli Kitabxananın şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlarla çıxış ediblər.

***

Proqram çərçivəsində növbəti tədbir MEMİM-in “Nəsildən-nəslə teatr” layihəsi çərçivəsində olub. 10 apreldə Gəncə Dövlət Milli Dram Teatrında layihənin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı seminarı Xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə baş tutub.

MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarda Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, vətənə və sənətə sevgi, aktyor-tamaşaçı ünsiyyəti, teatrda aktyorun mövqeyi kimi mövzularda söhbət aparıb.

Tədbir Gəncə teatrlarının kollektivləri ilə yanaşı ətraf rayonların teatr nümayəndələri və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

***

Muzey əməkdaşları üçün "Muzeylərin əsas vəzifələri: fondlar, elmi kütləvi və ekspozisiya işi, muzey işinin üç sütunu" mövzusunda təlim isə 11 apreldə təşkil olunub. Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini Əməkdar mədəniyyət işçisi Aida Axundova Gəncə, Naftalan, Samux, Goranboy, Göygöl və Daşkəsənin muzey əməkdaşları üçün muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı muzey bələdçisinin rəqəmsal vasitələrdən istifadəsi kimi mövzular ətrafında təqdimat edib.

***

Ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsi məqsədilə MEMİM-in “Mədəni irsini qoru” layihəsi çərçivəsində Gəncənin tarixi yerlərinə (Cavad xanın türbəsi, Şah Abbas məscidi və karvansarayı, Gəncə qala divarları, 1918-ci ildə (iyun–sentyabr) Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının yerləşdiyi tarixi bina və s.) infotur təşkil edilib.

İnfotur Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 12 apreldə keçirilib. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov və digər mütəxəssislər tərəfindən maarifləndirici məlumatlar layihə iştirakçılarının diqqətinə çatdırılıb.

***

Qeyd edək ki, “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində yuxarıda sadalanan elmi-praktiki seminar, ustad dərsləri, təlimlər, eləcə də uzunmüddətli layihələr MEMİM tərəfindən həyata keçirilən tədbirlərin müəyyən bir qismini təşkil edir. Bütün fəaliyyət istiqamətləri üzrə MEMİM-in qarşısında dayanan ən ümdə məsələ isə Azərbaycan mədəniyyətinə və milli-mənəvi dəyərlərə dair hər bir məqamı mütəxəssislərin dəstəyi ilə dərindən təhlil və təbliğatını təmin etməkdən ibarətdir.

 

Rəfiqə Nəsirova

MEMİM-in əməkdaşı