18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında “açıq qapı” günü elan edilib, tədbir təşkil olunub.
Rayon məktəbliləri, Ağstafa rayon Gənclər evi sosial xidmət müəssisələrinin əməkdaşları və digər qonaqların iştirak etdiyi tədbirin əsas məqsədi Azərbaycanın zəngin maddi-mədəni irsinin təbliği, xalqımızın qədim sənət ənənələrinin yaşadılması və gənc nəslin bu irsə marağının artırılması olub.
Tədbir çərçivəsində iştirakçılara milli və mədəni irsimizə dair müxtəlif sahələri əhatə edən təqdimatlar və canlı nümayişlər təqdim edilib.
Tədbirdə daraq vasitəsilə yunun daranması, cəhrə ilə yundan ip hazırlamması və xalça toxumaq sənəti nümayiş etdirilib, həmçinin kəlağayı üzərində basmanaxış sənətkarlığı nümunələri sərgilənib. İştirakçılar qədimdən bu günə ötürülən bu sənət nümunələrinin hazırlanma prosesi ilə yerində tanış olmaq imkanı qazanıblar.
Bundan əlavə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunub, abidələr və onların tarixi əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.