Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının yekunlarını açıqlayıb.

Təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok müsabiqənin qaliblərini elan edib, ən yaxşı videoların müəllifləri hədiyyələr qazanıblar.

Onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Platforma bu il ilk dəfə Azərbaycandakı istifadəçilərlə birlikdə yazın gəlişini və Novruz bayramını qeyd edib. #Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən, bayram süfrəsinə aid yemək reseptlərini paylaşdıqları, eləcə də ölkələrinin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri videolar hazırlayaraq paylaşıblar.

Layihədə iştirak edən istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olunub. Qaliblər layihənin tərəfdaşı Sea Breeze tərəfindən təqdim olunan hədiyyələri qazanıblar.

1-ci yer – @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadə. Onlar bayram ab-havasını bölüşdükləri, milli ənənələrin və geyimlərin gözəlliyini nümayiş etdirdikləri şəhər gəzintisi formatında hazırladıqları gözəl video ilə qalib olublar. Mükafat olaraq kontent müəlliflərinə bu il keçiriləcək DREAM Fest 2025-nin bütün günləri üçün fan zonaya 2 bilet təqdim edilib.

2-ci yer – @firca.darbesi adlı istifadəçi rəssam Firuza İmanova. O, Novruzdan və onun ənənəvi elementlərindən ilhamlanaraq çəkdiyi rəsmin hazırlanma prosesini əksetdirən video təqdim edib. Mükafat olaraq Sea Breeze Resort-un apartamentlərində 2 günlük qalmaq üçün vauçer qazanıb.

3-cü yer – @food_channel kanalının müəllifi Rəhimə Yusunova, paxlavanın hazırlanma prosesini ətraflı və estetik şəkildə təqdim edən video hazırlayıb. Mükafat olaraq müəllifə Bakıda yerləşən Crocus fitnes klublarından birində 6 aylıq üzvlük kartı təqdim edilib.

“TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razıyıq. Hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirəlayiqdir. Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə yaşadılması əsl qürur verir!”, – deyə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.

“Bu il biz ilk dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq. İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhvali-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildilər", – bunu isə TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar deyib.

Qeyd edək ki, TikTok platforması artıq iki ildir Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər arasında “Muzeylər gecəsi” mədəni layihəsi xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb.

Bundan əlavə, TikTok “Ədəbi qonaq otağı” layihəsini də təqdim edib. Layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. Daha bir layihə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.