Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib.
Konsert proqramını Xəzər rayonu Şüvəlan qəsəbə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Səma” rəqs ansamblı təqdim edib.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva vurğulayıb ki, bu cür mədəni bayramda uşaqların çoxluq təşkil etməsi qəlbimizi sevinc və qürur hissi ilə doldurur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa işlərinin uğurla davam etdirildiyini deyən Günay Əfəndiyeva qeyd edib ki, həmin ərazilərdə inşa olunan tədris ocaqları, yaradıcılıq mərkəzləri də uşaqların gələcəyinə qoyulan sərmayədir, onların rifahlı və ləyaqətli həyatlarının təməlidir.
Tədbirdə iştirak edən istedadlı uşaqların müəllimlərinə və valideynlərə təşəkkürünü bildirən Günay Əfəndiyeva "Səma" ansamblının uğurlarını da vurğulayıb: “Yaxın günlərdə “Səma” rəqs ansamblı Türkiyənin TRT telekanalı tərəfindən təşkil olunan 23 Aprel – Milli Uşaq Bayramına həsr olunmuş tədbirlərdə böyük uğurla iştirak edib. Hətta iştirakçılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsən görüşmək imkanı da əldə ediblər. Bu, hamımız üçün böyük şərəf və nailiyyətdir”.
MM-nin komitə sədri kollektivə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
“Səma” ansamblının rəhbəri Səma Nağıyeva çıxış edərək tədbirə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib.
Konsert proqramında “Səma” ansamblı Azərbaycan və dünya xalqlarının milli rəqslərini təqdim edib.