AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifpərvər şair Seyid Əzim Şirvaninin (1835–1888) 190 illiyinə həsr olunmuş tədbir keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini dosent Əkrəm Bağırov mütəfəkkir şair Seyid Əzim Şirvaninin ədəbi-bədii irsindən söz açıb. Onun qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə və dini etiqadın xüsusi yer tutduğunu diqqətə çatdıran alim, şairin öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə etdiyini vurğulayıb.

Şəxsi arxivlərin tədqiqi şöbəsinin və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin mütəxəssisləri məruzələrində Seyid Əzimin pedaqoji fəaliyyətindən, dini-fəlsəfi görüşlərindən bəhs edib, şairin irsinin cünglərdə təsvirindən və bu irsə multidissiplinar yanaşmadan söz açıblar.

İnstitutun ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi və Şəxsi arxivlərin tədqiqi şöbələri tərəfindən “Seyid Əzim Şirvani – 190” adlı sərgi də təşkil edilib. Sərgidə ədibin şəxsi arxiv materialları, əsərlərinin əlyazma nüsxələri, portreti və fotoları nümayiş olunub.