Azərbaycan Dövlət Uşaq Filarmoniyası balaca dostlarını 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.
İyunun 3-də Uşaq Filarmoniyasında keçirilən konsert proqramında balaca istedadlar rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə gələn qonaqlarda xoş təəssürat yaradıblar.
Bu həm də uşaqların hesabat konserti idi. Onlar il ərzində öyrəndiklərini, bilik və bacarıqlarını zalda əyləşən tamaşaçılara böyük həvəslə, sevgiylə təqdim ediblər.
Konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən kollektivlər – Nəfəsli alətlər ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), “Sədəf” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, müəllim Elbrus Niftəliyev), “Pərilər” vokal ansamblı (müəllim Leyla Aslanova), “Şəms” uşaq xoru (bədii rəhbər Leyla Muradzadə), “Səda” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə), Musiqili uşaq teatrı (müəllim Ağasəlim Feyzullayev), gimnastlar qrupu (müəllim Səbinə Cəlilova), Uşaq folklor rəqs ansamblı (bədii rəhbərlər Nigar Zeynalova, Məhəmməd Quliyev, müəllimlər Zeynal Cigərxanov, Günel Təhməzova) çıxış edib.
Konsert proqramının rejissoru Günay Səttarovadır.
Konsertdən əvvəl “Bacarıqlı əllər” rəsm dərnəyi (müəllimlər Günay Qarayeva, Səriyyə Teymurova, Fəridə Süleymanlı, Fidan Qurbanova) üzvlərinin əl işlərindən ibarət sərgi də nümayiş olunub. Uşaqların əl işlərinin, rəsm əsərlərinin satışa çıxarıldığı “Yaradıcılıq yarmarkası” maraqla qarşılanıb.
Konsertin sonunda Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə filarmoniyanın mədəni və yaradıcılıq həyatında fəal iştirakına görə bütün iştirakçılara sertifikatlar təqdim edib.