Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşəbbüsü ilə 2025-ci ilin yanvarında təsis edilən Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ilk mükafatlarını təqdim edib.

AKİ-dən verilən məlumata görə, gildiya üzvləri 2024-cü il ərzində ölkə ərazisində ekranlara çıxmış – kinoteatrlarda prokata buraxılmış və ya festivallarda nümayiş olunmuş ümumilikdə 40-a yaxın uzun və qısametrajlı bədii və sənədli filmi nəzərdən keçirib və müvafiq nominasiyalar üzrə mükafatçıları müəyyən ediblər.

İyunun 3-də “Nizami” Kino Mərkəzində qaliblərin elan olunması və mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə AKİ katibi Oleq Səfərəliyev və Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədri Nadir Bədəlov çıxış ediblər.

Qeyd olunub ki, gildiyanın təsis edilməsi kinoşünaslığın və ümumilikdə yerli kino sahəsinin inkişafı üçün mühüm hadisədir.

Sonra nominasiyalar üzrə qaliblər elan edilib.

Mükafatları qaliblərə AKİ-nin icraçı katibi Əli İsa Cabbarov və gildiyanın üzvləri təqdim ediblər.

“Ən yaxşı ssenari” nominasiyası (“Qapı” filminin ssenari müəllifləri – Vüsal Əhmədzadə, Emin Əfəndiyev, Əlixan Rəcəbov);

“Ən yaxşı rejissor işi” (“Tənha insanın monoloqu” – Emin Əfəndiyev);

“Ən yaxşı operator işi” (“Səma ilə görüş” – Şahmar Səfəroğlu);

“Ən yaxşı musiqi həlli” (“İtən gündəlik” – Sədaqət Kərimova);

“Ən yaxşı rəssam işi” (“Tağıyev: NEFT” – quruluşçu rəssam Səbuhi Atababayev və geyim üzrə rəssam Vüsal Rəhim);

“Ən yaxşı aktyor” (“Tənha insanın monoloqu” – Mahir Dərviş; “Qapı” – Nurlan Rüstəmov);

“Ən yaxşı aktrisa” (“Apatiya -1” – Şəhla Əliqızı);

“Ən yaxşı film” (“Tənha insanın monoloqu”);

“Ən yaxşı qısametrajlı bədii film” (“Lent” – Mürvüqar Abdulov);

“Ən yaxşı qısametrajlı sənədli film” (“Evsiz qalmış ay” – Atanur Nəbiyeva);

“Xüsusi mükafat” – rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” sənədli-bədii filmi.