Xəbər verdiyimiz kimi, 5-6 iyun tarixlərində Bakıda BMT Turizmin (UN Tourism) Avropa Regional Komissiyasının 71-ci iclası keçirilir.
İclasda 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasına Avropa regional qrupundan 5 üzvün seçilməsi məsələsinə də baxılıb.
Avropa Regional Komissiyası üzrə 5 yer üçün 9 ölkənin, o cümlədən Azərbaycanın namizədliyi irəli sürülüb.
Səsvermə nəticəsində Azərbaycan ən çox – 26 səs toplayaraq BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib. Digər 4 yerə Yunanıstan, Sloveniya, Xorvatiya və Fransa (23 səs ilə) seçilib.
Qeyd edək ki, seçki prosesində Avropa İttifaqı öz üzv ölkələrinin namizədliyinin dəstəklənməsi istiqamətində xüsusi səy göstərib və nəticə də bunu təsdiqləyib. Namizədlər arasında olan Ermənistana Avropa İttifaqı ölkələrindən dəstək verilməməsi də diqqətçəkən faktdır. Namizəd ölkələrdən ən az səsi (11) Ermənistan toplayıb.
Xatırladaq ki, Azərbaycan 2013-2017-ci, 2017-2021-ci və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.
İclasda BMT Turizmin Avropa Regional Kommissiyasının növbəti, 72-ci iclasının Maltada keçirilməsi barədə də qərar qəbul olunub.