
Tanınmış jurnalist, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Bayram İsgəndərli 5 iyun 2025-ci il tarixində, ömrünün 82-ci ilində vəfat edib.
Bayram Məmməd oğlu İsgəndərli 17 iyul 1943-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb.
1971–1973-cü illərdə Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin radio redaksiyasında redaktor və şöbə müdiri vəzifələrində işləyib. Sonrakı illərdə NMR Nazirlər Kabinetində, Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarədə və muxtar respublikanın Teleradio Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin "Lider Media Holdinq” MMC-nin dublyaj redaksiyasında redaktor kimi də fəaliyyət göstərib.
Bayram İsgəndərli gənc yaşlarından hekayə, esse və publisistik yazılarla mətbuat orqanlarında mütəmadi çıxış edib. Yazıçının “Bir payız günü”, “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq”, “Çil xoruzun aqibəti”, “Bu qatar hara gedir?”, “Qarabağdan gələn duman”, “Məni ürəyinizdə axtarın” və “Uşaqlar üçün pyeslər” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Müəllifin uşaq pyeslərinin qayəsini Vətənə, torpağa, xalqa bağlılıq, onun dünəninə və bu gününə olan sevgi və inam təşkil edir. Uşaqlar üçün qələmə aldığı pyeslərin bir neçəsi səhnələşdirilərək balaca tamaşaçılara təqdim olunub.
Allah rəhmət eləsin.