Mayın 31-də Tatarıstan Respublikasının (RF) Azərbaycandakı Daimi Nümayəndəliyində “Çağdaş Azərbaycan hekayəsi” antologiyanın təqdimatı olub. Tədbir daimi nümayəndəliklə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Nümayəndəliyin əməkdaşı Elmira Yusifli, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, şair Əkbər Qoşalı, o cümlədən əsəri antologiyada yer alan müəlliflərdən Elçin Hüseynbəyli, Natəvan Dəmirçioğlu, Varis, Hümbət Quliyev, İlqar Türkoğlu və Güllü Yoloğlu çıxış edərək nəşrin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Tatarıstan ədəbi mədəni əlaqələri, antologiyada yer alan nümunələrin ideya-bədii xüsusiyyətləri barədə fikirlər səsləndirilib.

Tədbirdə bir neçə müəllifə Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyinin fəxri fərmanları təqdim edilib. Sonda tədbir iştirakçıları musiqili proqramı izləyiblər.

Qeyd edək ki, Tatarıstanın “Yazıçı” nəşriyyatında tatarca nəşr olunan antologiyaya Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla ön söz yazıb. Millət vəkili Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” yazısı ilə başlayan nəşr Əkbər Qoşalının layihə rəhbərliyi ərsəyə gəlib.

Antologiyada 90-cı illər ədəbi nəslinin 18 nümayəndəsinin seçmə hekayələri yer alıb.