Xəbər verildiyi kimi, Xankəndi şəhərindəki Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. 

Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkil etdiyi konfransda Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzusunda çıxış edib.

Alim məruzəsində qeyd edib ki, işğaldan azad olunan və yenidən yurd yerlərimizə Böyük Qayıdış həm də mədəni qayıdışı – yaddaşa, tarixə və milli kimliyə dönüşü özündə ehtiva edir.

Məruzədə fiziki dağıntılar səbəbindən folklor yaddaşının maddi izlərinin itməsi, ənənəvi yaddaş daşıyıcısı olan yaşlı əhalinin dünyasını dəyişməsi, yeni nəsillə folklor yaddaşı arasında semantik boşluqların yaranması, bütövlükdə kollektiv mədəni yaddaşın unudulması kimi problemləri vurğulanıb.

Alim qeyd edib ki, kollektiv yaddaşın tərkib hissəsi olan mədəni yaddaş, əslində, “mənanın ötürülməsi”ni, davranış, düşüncə, ünsiyyət və nəsnələrlə bağlı olan kollektiv hafizəni özündə ehtiva edir.