İyunun 3-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib.

Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun (Türkiyə) birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutub.

Konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu irsin bəşəriyyətə təsirini nümayiş etdirmək olub.

Əvvəlcə TÜRKSOY tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən sərgilərin açılışı olub. İştirakçılar “İpək yolu” əl işləri, “Türk incəsənətində qadınlar” və Türk dünyasından olan gənc rəssamların əsərlərindən ibarət “Türk ruhunun ifadəsi” adlı sərgilərə baxıblar.

Plenar sessiyada çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyada yaşayan türkdilli icmaların bu ölkənin ictimai, elmi və mədəni həyatına mühüm töhfə verdiyini qeyd edərək vurğulayıb ki, Türk dünyası 179 milyon əhalisi və 2,1 trilyon dollarlıq iqtisadi gücü ilə qlobal arenada önəmli aktordur. Türk sivilizasiyası tarix boyu elm, incəsənət, memarlıq və ədəbiyyat sahələrində bəşəriyyətə dəyərli töhfələr verib. Səfir Türk dünyasının birliyindən danışaraq deyib: “Azərbaycan üçün Türk dünyasının birliyi güc mənbəyidir. Türk dövlətləri arasında əməkdaşlıq təkcə uğurumuz üçün deyil, həm də dəyərlərimizin və ənənələrimizin qorunması baxımından yüksək önəm daşıyır”.

TÜRKSOY-un baş katibi Sultan Raev, Qırğızıstan səfiri Omurbek Tekebaev, Türkiyə səfiri Gökhan Turan, Özbəkistan səfiri Dilşod Axatov, Qazaxstanın müvəqqəti işlər vəkili Kadır Kassabulatov və Türkmənistanın müvəqqəti işlər vəkili Ovazgeldi Cumanəzərov türk sivilizasiyasının tarixdə və bu gün dünya elminə, fəlsəfəsinə, incəsənətinə verdiyi töhfələri diqqətə çatdırıblar.

Konfrans iki panel sessiyası ilə davam edib.

Mədəniyyətə həsr olunmuş birinci paneldə sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Üzeyir Hacıbəylinin və digər görkəmli bəstəkarlarımızın dünya musiqisinə verdiyi töhfələr barədə danışıb.

Elmə həsr olunmuş ikinci paneldə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Nəsirəddin Tusi, Bəhmənyar, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lotfi Zade kimi Azərbaycan alimlərinin elmi irsini təqdim edib və onların dünya elminə verdiyi töhfələri vurğulayıb.

Sessiyalarda çıxış edən digər türk dövlətlərinin alimləri və mədəniyyətşünasları öz dövlətlərinin irsi və şəxsiyyətlərinin dünya mədəniyyətindəki və elmindəki yeri barədə geniş danışıblar.

***

Konfrans TÜRKSOY-un milli musiqi alətləri orkestrinin möhtəşəm qala konserti ilə yekunlaşıb.

Konsertdə türk xalqlarının milli musiqisindən ibarət çıxışlar, o cümlədən azərbaycanlı ifaçıların – beynəlxalq müsabiqələr qalibi "Vətən" muğam qrupunun – xanəndə Nisbət Sədrayeva və Səfalı Mirzəliyevin, tarda Ruslan Zərbaliyev və kamançada Pərviz Fərhadovun ifaları alqışlarla qarşılanıb.

Qeyd edək ki, TÜRKSOY-un milli musiqi alətləri orkestrinin azərbaycan təmsilçiləri Milli Konservatoriyanın və Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimləridir.

Konsertin sonunda musiqiçilər TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən xüsusi diplomla təltif ediliblər.