Azərbaycan Bəstəkarlar İttifaqında vaxtaşırı dahi Üzeyir Hacıbəylinin əziz xatirəsi yad olunur. Müxtəlif konsert proqramları və elmi seminarlarda dahi sənətkarın irsinə müraciət edilərək onun əsərləri səslənir və yaradıcılığı haqqında tədqiqatçılar yeni araşdırmalar təqdim edirlər. Azərbaycan bəstəkarlıq məktəbində Üzeyir Hacıbəyli ilə yanaşı onun sənət dostu Müslüm Maqomayevin da mühüm xidmətləri var. İttifaqın tədbirlərində bəzən bu görkəmli sənətkarlar birgə xatırlanır. Bu il onların hər ikisinin anadan olmasının 140 illiyi nəzərə alınaraq “Üzeyir Hacıbəyli “Leyli və Məcnun”dan “Koroğlu”ya. Müslüm Maqomayev “Şah İsmayıl”dan “Nərgiz”ə” mövzusunda elmi konfrans təşkil edilib.
Konfransı giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib. Firəngiz Əlizadə Üzeyir bəyin bəstəkarlıq məktəbinin yaranmasında müstəsna xidmətlərini xüsusi vurğulayıb, həmçinin Müslüm Maqomayevin yaratdığı əsərlər barədə söhbət açıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Könül Nəsirova “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin operalarında arxetiplər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Xatirə Həsənzadə “Üzeyir Hacıbəylinin publisistikasına bir nəzər”, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru Aytac Rəhimova “Musiqi mədəniyyətimizin zirvələri: Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin mirası”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin yaradıcılığında ənənə və novatorluq” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin muğam operalarında oxşar və fərqli xüsusiyyətlər” adlı məruzələrlə çıxış etdilər.
Konfransın bədii hissəsində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından Sərvərlə Gülnazın dueti (C.Cahangirov adına xorun solistləri Fidan Məmmədzadə və Pərvin Səfərov) və “Sənsiz” romansı (C.Cahangirov adına xorun solisti Emil Bağırzadə) səsləndirilib. İfaçıları fortepianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət edib.