18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür (International Day for Monuments and Sites).  

Əlamətdar gün 1983-cü ildə UNESCO yanında Abidələrin və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (International Council on Monuments and Sites – ICOMOS) təşəbbüsü ilə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

ICOMOS ənənəvi olaraq bu günün mövzusunu elan edir. 2023-cü ildə Sidneydə (Avstraliya) keçirilən İCOMOS Baş Assambleyasında təşkilatın Üçillik Elmi Planı üçün “Fəlakət və münaqişələrə dayanıqlı irs – hazırlıq, cavab və bərpa” mövzusu müəyyən edilib.

Odur ki, ötən il olduğu kimi, 2025-ci ildə də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü “Fəlakət və münaqişələrə dayanıqlı irs” mövzusu ilə qeyd olunur.

2025-ci il, həmçinin ICOMOS-un 60 illik yubileyidir. Təşkilat 1964-cü ildə Venesiyada keçirilən Tarixi Binaların Memar və Mütəxəssislərinin II Konqresində qəbul edilən müvafiq qətnamə əsasında 1965-ci ildə yaradılıb.

“Hər il aprelin 18-də qeyd olunan Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (IDMS) bizə təşkilatımız və fəlakətlərin və münaqişələrin sürətlənməsi təhlükəsi altında dünyanın universal əhəmiyyətli mədəni sərvətlərinin qorunması və qorunması üçün gördüyümüz iş haqqında məlumatlılığı artırmaq üçün unikal imkan verir”, – deyə ICOMOS-un əlamətdar gün münasibətilə yaydığı məlumatda deyilir.

Məlumatda vurğulanır ki, 2025-ci ildə bu günün qeyd edilməsi fəlakətlər və münaqişələr təhlükəsi altında olan irsin qorunması ilə bağlı ICOMOS-un 60 illik fəaliyyəti, eləcə də böhran zamanlarında irsi qorumaq üçün edə biləcəyimiz işlər, fövqəladə hallara cavab və bərpa kimi gələcək məqsədlər üzərində dayanacaq. Diqqətə çatdırılır ki, təşkilatın ötən 60 ildə görülən işlərlə bağlı xüsusi təqdimat 13-19 oktyabr 2025-ci ildə Nepalda keçiriləcək ICOMOS Baş Assambleyasının simpoziumunda olacaq.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ənənəvi olaraq ölkəmizdə də mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidi tədbirlər, sərgilər və ekskursiyalarla qeyd olunur.

Xatırladaq ki, Azərbaycanın dörd tarix-mədəniyyət və abidələr məkanı – Qobustan Milli Tarixi-Bədii Qoruğu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər), “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhərin tarixi hissəsi və Şəki xan sarayı) və “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (“Xınalıq və Köç yolu mədəni landşaftı”) UNESCO-nun Dünya İrs Siyahısında yer alır.

Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 12 tarix-mədəniyyət, tarix-bədii və memarlıq qoruğu var. Tarixi və mədəni irslə bağlı daha 9 qoruq isə Dövlət Turizm Agentliyi tərəfindən idarə olunur.

V.Orxan