Azərbaycan Dövlət Kukla Teatrı Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak edəcək.

Beynəlxalq sənət bayramı Ankarada (21–25 aprel) və İstanbulda (26 aprel) keçiriləcək. Daha sonra Azərbaycanda (Bakı, 28–30 aprel) və Özbəkistanda (2–4 may) davam edəcək festivala Şimali Kipr Türk Cümhuriyyətində (9-12 may) yekun vurulacaq.

Azərbaycan Dövlət Kukla Teatrının heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə olacaq. Səfər çərçivəsində tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Səidə Haqverdiyeva, tərtibatçı rəssamı İqbal Əliyevdir. Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları tamaşada aparıcı kukla aktyorları – Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı ötən il Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı ilə sıx  əməkdaşlıq qurub. 2024-cü ildə üçüncü dəfə keçirilən festival coğrafiyasını genişləndirərək bağlanış mərasimini Bakıda təşkil etmişdi. Bu, tədbirin Ankara, İstanbul və Bakı şəhərlərini əhatə etməklə kukla sənətçilərini bir araya gətirməsinə imkan yaratmışdı.

Festivalın təşkilinə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrı dəstək verir.