Milli Kitabxanada görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı-publisist, həkim Nəriman Nərimanovun (1870-1925) anadan olmasının 155 illiyi münasibətilə geniş kitab sərgisi açılıb.

Milli Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə Nəriman Nərimanovun həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Xatırladaq ki, Tiflisdə anadan olan Nəriman Nərimanov 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd məktəbinə müəllim təyin edilib. Daha sonra Bakıya gələn N.Nərimanov 1891-ci ildə müəllimlik fəaliyyətinə başlayıb, 3 il sonra burada türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanasını təşkil edib.

Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən N.Nərimanov Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb, həmçinin “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaitini tərtib edib. Onun “Nadanlıq”, “Bahadır və Sona”, “Nadir şah”  və s. əsərləri Azərbaycanda geniş yayılıb.

Əsərlərində dövrün sosial-psixoloji problemlərini qabarıq şəkildə göstərən Nərimanovun elmi-publisistik fəaliyyəti türk-müsəlman əhalisinin milli oyanışına xidmət edib.