Milli Kitabxanada görkəmli teatrşünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin 75 illik yubileyi münasibətilə kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı sərgidə alimin müəllifi olduğu, rəy verdiyi, redaktoru olduğu və ön söz yazdığı kitablar, eləcə də həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda dərc edilən məqalələri nümayiş olunur.
Məryəm Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, silsilə mətbu yazıların müəllifidir.
Tanınmış teatrşünas "Əməkdar incəsənət xadimi" (2007) fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2023) layiq görülüb. O, həmçinin “Qızıl dərviş”, “Humay”, “Cəfər Cabbarlı”, TÜRKSOY-un "Haldun Taner" mükafatları və Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib.