Aprelin 14-də Nəriman Nərimanovun Xatirə Muzeyi və “Borçalı Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində “Nəriman Nərimanov: şəxsiyyət və zaman” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl muzeyin əməkdaşları görkəmli dövlət xadimi, yazıçı və maarifçi Nəriman Nərimanovun (1870-1925) abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoyublar.

Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətilə keçirilən tədbirdə elm adamları, mədəniyyət işçiləri, muzey fəalları, başqa qonaqlar iştirak ediblər.

Dövlət İdarəçilik Akademiyasının (DİA) Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxış edərək Nəriman Nərimanovun həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Nərimanov ömrünün böyük hissəsini qəlbən inandığı xalq işi uğrunda mübarizəyə həsr edib.

Dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, "Xəzər" Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Borçalı Cəmiyyəti”nin sədri Ramiz Həsənov, tarix elmləri doktoru, kulturoloq, DİA-nın professoru Fuad Məmmədov, tarix elmləri doktoru, DİA-nın professoru Həvva Məmmədova və digər natiqlər görkəmli şəxsiyyət haqqında fikirlərini bölüşüblər. Çıxışlarda N.Nərimanovun Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmasından söhbət açılıb.

Tədbirdə “Nəriman Nərimanov dövrünün böyük mütəfəkkiridir” adlı sərgi nümayiş olunub.

N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair”, “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri”, “Tibb və İslam” adlı əsərləri tədbir iştirakçılarına hədiyyə edilib.

Sonda Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova tədbirin keçirilməsi üçün yaradılmış şəraitə görə Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərova və iştirakçılara təşəkkürünü  bildirib.