Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə ev-muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcov açıb. O, çıxışında Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley tədbirlərinin əhəmiyyətini vurğulayıb və Üzeyir Hacıbəylinin Azərbaycan və dünya musiqisi tarixində müstəsna yerini qeyd edib, onun zəngin yaradıcılıq irsinin qorunub saxlanılmasının vacibliyinə diqqət yönəldib.
Sonra Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xoru çıxış edib. Xorun ifasında Üzeyir bəyin “Leyli və Məcnun” operasından, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından parçalar, habelə xalq mahnıları və klassik əsərlər səsləndirilib.
Tədbirin sonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Üzeyir Hacıbəylinin yaradıcılığı, xor kollektivinin fəaliyyəti haqqında fikirlərini bölüşüb. Muzeyin ekspozisiya və kütləvi tədbirlər şöbəsinin müdiri Vəfa Bağırzadə xor kollektivinə və onun rəhbəri Təranə Yusifovaya muzey adından təşəkkür məktubu təqdim edib.