Aprelin 7-də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Tarix-filologiya fakültəsi müəllim və tələbələrinin iştirakı ilə “Molla Nəsrəddin” jurnalında müqəddəs Vətən idealı" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayının çapdan çıxmasının 119-cu ildönümünə həsr olunub.

Elmi Kitabxananın direktoru Xumar Məmmədova bildirib ki, kitabxanada Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr edilən “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid cildləri saxlanılır və bu nəşrlər tələbələr üçün dəyərli mənbədir.

Universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli jurnalın milli oyanış və maarifçilik missiyasını vurğulayaraq Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr edilən dərginin Azərbaycan xalqının milli kimliyinin formalaşmasına və vətənpərvərlik duyğularının güclənməsinə böyük töhfə verdiyini qeyd edib. İ.Cəfərli “Molla Nəsrəddin” jurnalının təkcə dövrünün ictimai-siyasi problemlərini tənqid etmədiyini, eyni zamanda Vətənə bağlılıq və milli dəyərlərin qorunması ideyalarını da aşıladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, jurnalın satirik dili və cəsarətli tənqidləri xalqın sosial-siyasi şüurunu oyatmaq, ədalətsizliklərə qarşı mübarizəyə ruhlandırmaq məqsədi daşıyırdı.

Digər çıxış edənlər də jurnalın Azərbaycanda mətbuatın və ədəbi fikrin inkişafında müstəsna rolundan danışıblar.

Sonda tədbir iştirakçıları “Molla Nəsrəddin" - 119” adlı sərgi ilə tanış olublar.