
Bu il görkəmli nasir və ictimai xadim, Xalq yazıçısı Süleyman Rəhimovun (1900-1983) anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar hazırlanır.
Kitabxanadan bildirilib ki, Azərbaycan və rus dillərində hazırlanan "Xalq yazıçısı Süleyman Rəhimov - 125” adlı elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlar haqqında informasiya yer alıb. Materialda həmçinin professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Rəhimov”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Ədalət Rəsulovanın “Zamanın hüdudlarını aşan sənətkar”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Sosrealizm: Azərbaycan modeli - Süleyman Rəhimov” kimi məqalələrin tam mətni təqdim edilir.
Elektron bazada Süleyman Rəhimovun türk, ingilis, rus, bolqar, fransız dillərinə tərcümə edilən yaradıcılıq nümunələrinin məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, ədəbi‐tənqidi, publisistik məqalələrinin, məruzələrinin, yazıçı haqqında qələmə alınan kitabların siyahıları yer alır. Bazada “Süleyman Rəhimov bədii ədəbiyyatda və incəsənətdə”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, ədibin kitablarının virtual sərgisi də təqdim edilir.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.